Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9.25% və 5.75%).
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş faiz dəhlizinin parametrləri haqqında press-relizdə deyilir:
İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmamış və hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır.
Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank 2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih etmişdir. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.
Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməmişdir. Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.
Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməmiş, 15.4%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.
İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artmışdır. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9.5% yüksəlmişdir. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.
Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.
Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.
Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.
Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər etmişdir. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8 - 3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.
Monetar şərait. İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam etmişdir ki, bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət edir.
Manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.
Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enmişdir.
Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artmışdır. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artmışdır.
İqtisadi aktivlik. İqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 3.6% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 15.7%, kənd təsərrüfatında 7.3% artım müşahidə olunmuşdur.
Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6.9% artmışdır ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.
Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirmişdir.
Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərmişdir. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64.1 ABŞ dollar təşkil etmişdir. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2.3%, o cümlədən, qeyri-neft ixracı 17.5% artmış, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olmuşdur.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12.7% və ya 5.7 mlrd. dollar artaraq 50.4 mlrd. dollara çatmışdır.
İnflyasiya riskləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.
Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih etmişdir. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır.
Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.
Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
4 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
4 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
4 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
4 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
5 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"


























