Mərkəzi Bank faiz qərarını açıqladı - YENİLƏNİB
Mərkəzi Bank faiz uçot dərəcəsini 0,25 faiz aşağı saldıFaiz dəhlizinin parametrləri haqqında Mərkəzi Bankın açıqlaması
-Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir.
Bu qərar faktiki və proqnozlaşdırılan illik inflyasiyanın hədəf intervalının (4+2%) mərkəzindən aşağıda olması, beynəlxalq konyunkturda yaxşılaşma meyillərinin və valyuta bazarında stabilliyin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alınmaqla qəbul edilmişdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnozdan kənarlaşma dərəcəsindən, qlobal bazarlarda vəziyyətin dəyişməsindən, habelə daxili tələbin və iqtisadi aktivliyin bərpasından asılı olaraq qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri.
İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalının mərkəzindən aşağıda qalmışdır. Məcmu tələbin daralması və onun antiinflyasiya təsirləri şəraitində iyun ayında 0.3%-lik deflyasiya baş vermiş, illik inflyasiya 3% təşkil etmişdir.
Mövsümi amillərin də təsiri ilə iyunda ərzaq qiymətləri 1.5% aşağı düşmüş, qeyri-ərzaq məhsulları 0.1%, xidmətlər isə 0.9% bahalaşmışdır.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir. 2020-ci ilin iyul-sentyabr ayları üzrə sənaye, xidmət və ticarət sektorlarında müəssisələrin inflyasiya gözləntiləri azalmaqda davam etmişdir. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə inflyasiyanın yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi mart ayı ilə müqayisədə 3 faiz bəndi azalaraq 29%-ə enmişdir.
İnflyasiya amilləri üzrə iyulda aparılmış təhlillər əsasında inflyasiya proqnozu dəyişilməz saxlanılmışdır. Son proqnozlara görə mövcud fundamentallar çərçivəsində 2020-ci ilin sonuna inflyasiyanın 3-3.5% intervalında fomalaşacağı gözlənilir.
Qlobal mühit və xarici sektor göstəriciləri.
Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə qlobal iqtisadi aktivliyi xarakterizə edən göstəricilərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir. Dünya Ümumi Daxili Məhsulunun 60%-dən çoxunu yaradan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes inam və istehlakçı inamı indeksləri iyunda may ayı ilə müqayisədə bir qədər yüksəlsə də, ilin əvvəlindəkindən əhəmiyyətli dərəcədə aşağı səviyyədədir. Beynəlxalq Valyuta Fondu 2020-ci il üzrə qlobal iqtisadiyyatın ressesiyasına dair özünün proqnozunu iyunda 3%-dən 4.9%-ə yüksəltmişdir.
Dünya əmtəə qiymətlərində, o cümlədən neft qiymətində bərpa prosesləri davam etməkdədir. İyulun ötən dövründə Brent markalı neftin orta qiyməti 43 ABŞ dolları təşkil etmişdir ki, bu da aprel ayına nisbətən (27 ABŞ dolları) 59% yüksəkdir.
Son ayda beynəlxalq konyunkturun yaxşılaşması və idxalın aşağı səviyyədə qalması xarici balans göstəricilərinə də müsbət təsir etmişdir. Ümumilikdə, cari ilin 6 ayında xarici ticarət balansında 2.7 mlrd. ABŞ dolları səviyyəsində profisit olmuşdur.
Ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edir. Hazırda strateji valyuta ehtiyatları 51.7 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 1.2% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.3% artmışdır.
Monetar şərait.
Ötən toplantıdan keçən müddətdə monetar şərait əsasən yumşalmışdır. Buna faiz dəhlizi parametlərinin iyunda azalma istiqamətində dəyişdirilməsi, kreditləşmənin dəstəklənməsi üçün görülən tədbirlər, eləcə də dövlət büdcəsi xərclərinin həyata keçirilməsilə bağlı vahid xəzinə hesabının qalığının azalması təsir göstərmişdir. Pul bazası iyun ayının sonundan bəri 3.6% artmışdır. Pul təklifi artmağa başlasa da, maliyyə bazarlarının müxtəlif seqmentlərində faiz dərəcələri fərqli istiqamətlərdə dəyişmişdir.
Pul siyasəti qərarlarının təsiri ilə son ayda Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilmişdir. Bu maliyyə alətləri üzrə hərraclarda tələbin təklifi üstələməsi ümumilikdə likvidliyin yüksək olduğunu göstərir. Pul bazarlarında orta faizlərin azalması pul siyasətinin transmissiyasının birinci həlqəsinin effektli olduğunu göstərir.
Ötən toplantıdan bəri depozit faizlərinə təsir göstərən başlıca amil sığortalanan əmanətlər üzrə maksimal faizin iyundan qaldırılması olmuşdur. Manatla əmanət faizlərinin faktiki və proqnozlaşdırılan inflyasiyanı əhəmiyyətli üstələməsi milli valyutada yığımların cəlbediciliyini və de-dollarlaşma proseslərini dəstəkləyir.
Kredit faizləri başlıca olaraq real sektorda pandemiyanın təsiri ilə artan risklərdən və bu risklərin banklar tərəfindən qiymətləndirilməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Bankın pul siyasəti qərarları və pul bazarında faizlərin azalması qarşıdakı dövrdə kreditləşmə şərtlərinin də yumuşaldılması üçün zəmin yaradır. Pandemiyadan təsirlənən iqtisadi subyektlərin dəstəklənməsi üçün tənzimləyici yumşalmalar və dövlətin güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi də maliyyə resurslarına çıxış imkanlarını yaxşılaşdıracaqdır.
İqtisadi aktivlik.
Pandemiya ilə bağlı zəruri məhdudiyyət tədbirləri daxili iqtisadi aktivliyə iyun-iyul aylarında da neqativ təsir göstərmişdir. Real sektor müəssisələrinin monitorinqi göstərir ki, biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə iyun ayında da neqativ zonada qalmışdır. Ev təsərrüfatları arasında iyun ayında aparılmış sorğu istehlakçı inam indeksinin də azaldığını göstərir.
Məcmu tələbin bütün komponentlərində azalma fonunda rəsmi statistikaya görə cari ilin 6 ayında iqtisadiyyatın baza sahələri olan qeyri neft-qaz sənayesi və kənd təsərrüfatında iqtisadi artım davam etsə də, bütövlükdə ÜDM real ifadədə 2.7%, o cümlədən qeyri-neft sektoru üzrə 2.5% azalmışdır.
Hökumətin və Mərkəzi Bankın birgə aktiv antiböhran tədbirlərinin icrası, xüsusən də pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi tədbirləri iqtisadi aktivliyin azalmasının miqyasını əhəmiyyətli kiçiltməyə kömək etmişdir. Virus təhlükəsinin qaldığı və sosial təcrid tədbirlərinin davam etdiyi şəraitdə iqtisadi artımın öz potensialına yaxınlaşması prosesinin qlobal iqtisadiyyatda gözlənildiyi kimi tədricən baş verəcəyi proqnozlaşdırılır.
Uçot dərəcəsinin azaldılması, ilin qalan dövründə pul təklifinin proqnozlaşdırılan genişlənməsi məcmu tələbin bərpasına, iqtsadi aktivliyin və məşğulluğun dəstəklənməsinə müsbət təsir göstərəcəkdir.
İnflyasiya riskləri.
Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansında stabilləşdirici amillər üstünlüyünü qorumaqdadır.
Pandemiya şəraitində zəif məcmu tələb qarşıdakı aylarda da başlıca antiinflyasiya amili kimi çıxış edəcəkdir. Məcmu tələbin daralması idxalı və beləliklə valyuta bazarında tələbi məhdudlaşdırır. Bununla belə logistik zəncirdə qırılmalar, habelə koronovirusdan qorunmaq üçün iqtisadi subyektlərin üzləşdiyi əlavə xərclər qiymətlərə artırıcı təsir göstərə bilər.
Pandemiyanın davamlığı və təsirləri ilə əlaqədar ortamüddətli dövrə qlobal mühit üzrə əhəmiyyətli qeyri-müəyyənliklər qalmaqdadır. Bu dövrdə milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin qorunması yaranan çağırışlara cavab verən, iqtisadi artımın və məşğulluğun bərpasını təmin edəcək yeni makroiqtisadi çərçivənin formalaşmasından və effektiv siyasət koordinasiyasından asılı olacaqdır.
Bu qərar 30 iyul 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il sentyabr ayının 18-də ictimaiyyətə açıqlanacaqdır.
XXX
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7%-dən 6,75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 7.25% səviyyəsində müəyyən edilmişdir. Bundan öncə faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində idi.
Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, ötən dövrdə inflyasiya Mərkəzi Bankın elan etdiyi hədəf çərçivəsində reallaşmışdır.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalının mərkəzindən aşağı olması, beynəlxalq konyukturada yaxşılaşma meyilləri, valyuta bazarında stabitliyin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alınaraq qəbul edilmişdir",- Elman Rüstəmov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 8 saat əvvəl
-
10 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
10 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
11 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
11 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
11 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
11 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"





























