"Kommersiya hüquqi şəxslər də notlara investisiya edərək qısa müddətdə gəlir əldə edə bilər" - MÜSAHİBƏ
Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər də Mərkəzi Bankın notlarına investisiya edərək qısa müddətdə gəlir əldə edə bilər.Mərkəzi Bankın baş direktoru Əli Əhmədov ilə müsahibə
- Mərkəzi Bankın notları nədir və hansı məqsədlə buraxılır?
- Mərkəzi Bankın notları pul siyasəti aləti olaraq dövriyyədə olan pul kütləsinin həcminin tənzimlənməsi yolu ilə inflyasiyanın sabitliyinə nail olmaq məqsədilə Mərkəzi Bank tərəfindən 1 illik müddətədək buraxılan qiymətli kağızlardır. Notlar 4 fərqli müddətdə - 1 aylıq, 3 aylıq, 6 aylıq və 9 aylıq müddətdə emissiya olunur və həftədə 4 dəfə Bakı Fond Birjasında təşkil edilən hərraclar vasitəsilə yerləşdirilir. Son hərraclarda formalaşmış qiymətlərə uyğun olaraq, notların gəlirliliyi 1 aylıq, 3 aylıq, 6 aylıq və 9 aylıq müddət üzrə müvafiq olaraq 7,55%, 7,86%, 8,43% və 9,31% təşkil etmişdir.
Notlar maliyyə sistemində müşahidə edilən izafi likvidliyin sterilizasiyası məqsədilə buraxılması ilə yanaşı, qiymətli kağızlar bazarının dərinləşməsinə, girov bazasını genişlənməsinə və manatla gəlirlilik əyrisinin formalaşmasına da öz töhfəsini verir.
- Notlara kimlər investisiya edə bilir və investorlara nə kimi üstünlüklər verir?
- Cari ilin aprel ayınadək notların investoru qismində yalnız ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları çıxış edə bilirdisə, hazırda maliyyə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün rezident kommersiya hüquqi şəxsləri vəsaitlərini notlara investisiya etməklə bu gəlirlilik imkanlarından yararlana bilərlər.
İnvestorlar üçün notlar risksiz maliyyə aləti hesab olunur və hüquqi şəxslərə qısa müddət ərzində yuxarıda qeyd edildiyi kimi yüksək gəlirlilik qazanmaq imkanı yaradır.
Qeyd etmək lazımdır ki, notların təkrar bazarda da aktiv alqı-satqısı həyata keçirilir. Belə ki, notlara yüksək tələb nəzərə alınaraq, hərraclarda iştirakçıların sifarişlərinə müəyyən limitlər tətbiq edildiyindən, yüksək likvidliyə malik olan banklar hərraclarda müəyyən limitlə not əldə edirlər. Nəticədə, həmin banklar təkrar bazarda da aktiv not alışını həyata keçirirlər.
Bu amil not əldə etmiş hüquqi şəxslərə öz likvidliklərini effektiv idarə etməyə imkanı verir. Beləliklə, not əldə etmiş hüquqi şəxslər ya notları 1-9 ay ərzində özlərində saxlayaraq illik 7%-9% intervalında gəlir qazanmaq imkanı, yaxud da ehtiyac olduğu təqdirdə sahib olduqları notları tam həcmdə və ya biznesin cari tələblərinin ödənilməsi üçün lazım olan hissəni təkrar bazarda satmaqla bu alətə yatırdığı vəsaitləri vaxtından əvvəl geri götürə bilirlər. Bu zaman notları saxladıqları dövr üzrə hesablanmış faizlərlə yanaşı, bazar şərtlərinə uyğun olaraq satışdan da qazanc əldə etmək imkanı əldə edirlər.
Bundan əlavə hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını (məsələn, bir neçə günlük) təmin edə bilirlər. Qeyd edim ki, repo - qiymətli kağızların satışı və sonradan geri alışından ibarət əməliyyatdır. Bu zaman qiymətli kağızları alan tərəf əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətə həmin qiymətli kağızları qarşı tərəfə geri satmağı öhdəsinə götürür.
Həmçinin notlar Mərkəzi Bankın qiymətli kağızları olaraq risksiz təminat qismində çıxış etdiyindən, sahibləri onları banklara girov qoymaqla kredit götürə bilərlər.
- Yeni investorların not hərraclarına marağı nə dərəcədədir?
- Notların investor bazası genişləndirildikdən sonra keçirilən hərraclarda artıq 10-a yaxın bank olmayan hüquqi şəxsin iştirakı qeydə alınmışdır. Yeni konfiqurasiyada not hərraclarının keçirilməsindən cəmi bir ay keçməsinə baxmayaraq, bu dövr ərzində hərraclarda yerləşdirilmiş vəsaitlərin 11%-i qeyri-bank olan yeni iştirakçıların payına düşmüşdür. Qeyd etmək lazımdır ki, hər növbəti hərracda yeni iştirakçıların iştirakı müşahidə edilir və bu tendensiyanın növbəti dövrlərdə də davam edəcəyini güman edirik.
- Notlardan istifadənin davam etdirilməsi və investor bazasının daha da genişləndirilməsi nəzərdə tutulurmu?
- Artıq qeyd etdiyim kimi, notları əldə edə biləcək investorların dairəsi bu mərhələdə məhdud çərçivədə müəyyən edilmişdir. Əldə etdiyimiz məlumatlara əsasən not əldə etmək hüququna malik olmayan digər kateqoriyalı kommersiya hüquqi şəxslər tərəfindən də not hərraclarına maraq göstərilir. Mərkəzi Bank notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edir. Pul bazarında gedən proseslərdən və Mərkəzi Bankın pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq gələcəkdə Mərkəzi Bankın qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxılması, o cümlədən notların investor bazasının genişləndirilməsi istisna edilmir.
İnvestor bazasının genişləndirilməsi bağlı Mərkəzi Bank tərəfindən hər hansı qərar veriləcəyi təqdirdə bu barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılacaqdır.
- Notların investor bazasının genişləndirilməsinin qiymətli kağızlar bazarına nə kimi təsirləri gözlənilir?
- Notların investor bazasının genişləndirilməsində əsas məqsəd Mərkəzi Bankın pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi olsa da, bu dəyişiklik kapital bazarı üçün də müəyyən imkanlar yaradır. Belə ki, Mərkəzi Bankın notlarının investor bazasının genişləndirilməsi notlara, o cümlədən notlarla həyata keçirilən repo/əks-repo əməliyyatlarına tələbin artmasına xidmət edəcəkdir. Bu da öz növbəsində qiymətli kağızlar bazarının dərinliyinin və əməliyyat həcmlərinin artımına imkan verəcəkdir. Bu istiqamətdə atılan addımlar uzunmüddətli perspektivdə həmin investorların kapital bazarının digər seqmentlərinə də marağının artmasına zəmin yaradacaqdır.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 d. əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
-
15 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
58 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Ən çox oxunanlar
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























